Paşinyan oktyabrın 22-də jurnalistlərə açıqlamasında bildirib ki, həmin şəxs sərhədi keçdikdən sonra Ermənistan hərbçiləri tərəfindən saxlanılaraq Milli Təhlükəsizlik Xidmətinə (MTX) təhvil verilib.
“Dünyada elə bir sərhəd, təmas xətti və ya cəbhə xətti yoxdur ki, onu keçmək mümkün olmasın. Hərbçilər onun onlara doğru gəldiyini görüb, saxlayaraq Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Onu Respublika meydanında saxlamayıblar. Həmin şəxs sərhədi keçib və biz onu qarşı tərəfə qaytarmalıyıq”, – Paşinyan bildirib.
Ermənistanın MTX-si daha əvvəl açıqlamışdı ki, oktyabrın 19-da saat 17:50 radələrində 1968-ci il təvəllüdlü, Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımov Ermənistanın Tavuş vilayətində aşkarlanıb.
Qurumun məlumatına görə, aparılan yoxlama nəticəsində onun yolu azaraq Ermənistan ərazisinə daxil olduğu müəyyən edilib.
Oktyabrın 21-də Ermənistan mediası azərbaycanlı çobanın Tavuş vilayətində sərhədi keçərək saxlanıldığı barədə məlumat yaymışdı. Həmin vaxt Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumatı nə təsdiqləmiş, nə də təkzib etmişdi.
Azərbaycan Dövlət Sərhəd Xidməti isə məsələ ilə bağlı rəsmi açıqlama verməyib, lakin yerli medialar qurumun bu informasiyanı təkzib etdiyini yazmışdı.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 21-də parlamentdə çıxışı zamanı azərbaycanlı çobanın yolunu azmış ola biləcəyini deyərək bu cür halların hər iki tərəfdə baş verə biləcəyini qeyd etmişdi.
Mirzoyan həmçinin sərhəddə belə hadisələrin qarşısını tamamilə almağın çətin olduğunu bildirib, tərəflərin problemləri birgə həll etməsinə ümid etdiyini vurğulamışdı.

