Azərbaycan İranın 14 vətəndaşını “arzuolunmaz şəxs” elan edərək onların ölkəyə girişini qadağan edib. Siyahıda İran parlamentinin deputatları, din xadimləri, siyasi ekspertlər və media nümayəndələri var.
Bu barədə noyabrın 3-də “APA” mənbələrinə istinadən xəbər yayıb.
Məlumata görə, qərar həmin şəxslərin mediada və sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar səsləndirməsi və düşmənliyi təşviq etməsi iddiaları ilə əsaslandırılıb.
Bildirilir ki, son vaxtlar İran vətəndaşları və media qurumlarının Azərbaycan dövlətinə, xalqına və ölkə rəhbərliyinə qarşı sərt ittihamlar, təhqiramiz ifadələr və qanunsuz çağırışları artıb.
İddia olunur ki, İranın bəzi din xadimləri, parlament üzvləri, ekspertləri və media nümayəndələri Azərbaycanın suverenliyini, təhlükəsizliyini, dövlət-din münasibətlərini və idarəçilik sistemini hədəfə alıblar. Onlar dini radikalizmi və düşmənçiliyi təşviq etməkdə, dini nifrəti qızışdırmaqda və hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlarda ittiham olunurlar.
Lakin məlumatda bu ittihamlara əsas olan konkret açıqlamalar və sosial şəbəkə paylaşımları təqdim edilməyib. Qərarın hansı dövlət qurumu tərəfindən qəbul edildiyi də açıqlanmayıb.
Azərbaycana girişi qadağan edilən İran vətəndaşlarının siyahısını oxumaq üçün: abzas.info/az/2026/11/azerba…